SSRİ imperiyasının süqutundan sonra yaranmış xaos ötən əsrin sonlarında torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Məhz bu baxımdan ölkəmizin xarici siyasətinin ana xəttini işğal altındakı torpaqlarımızın azad edilməsi təşkil edirdi. Aparılan bütün danışıqlarda torpaqlarımızı işğal etmiş mənfur ermənilər demokratiya şinelinə bürünmüş, onlara havadarlıq edən bəzi dövlətlərə arxalanaraq torpaqlarımızı işğaldan azad etməkdən boyun qaçırır, ərazilərin işğaldan azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir, hətta Azərbaycanı yeni əraziləri işğal etməklə hədələyirdi. Bəzi beynəlxalq təşkilatlar isə Ermənistana təsir göstərmək əvəzinə, müşahidəçi mövqeyində dayanmağa üstünlük verirdilər. Sözsüz ki, hadisələr bu cürə davam edə bilməzdi. Erməniləri açıq şəkildə dəstəkləyən bəzi dövlətlər, hətta bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün dərin zəkası, siyasi uzaqgörənliyi ilə bilirdi ki, nəyi nə vaxt, hansı formada etmək lazımdır. Nəhayət, ölkə başçısının nəzərdə tutduğu həmin situasiya 2020-ci ilin 27 sentyabrında yarandı. Təmas xəttində ermənilərin təxribatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev orduya vur əmri verdi. Qısa zaman kəsiyində Azərbaycan ordusu zəfərləri sıralamağa başladı. 44 gün ərzində torpaqlarımız bir-birinin ardınca düşməndən azad edildi və düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Döyüş meydanında zəfər çalmış Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu günü-gündən artmaqdadır. Bu nöqteyi- nəzərdən 20 aprel 2022-ci il tarixdə qardaş Qırğızıstan respublikasının prezidenti Sadır Japarovun Azərbaycana səfəri böyük tarixi əhəmiyyətə malik bir səfər idi. Səfər çərçivəsində iki ölkə arasında ticari-iqtisadi və siyasi baxımdan müxtəlif mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır. Bunu hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatlar da təsdiq etmişdir. Prezident İlham Əliyev öz bəyanatında diqqəti iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin üzərinə çəkdi. Qeyd olundu ki, Qırğızıstan bütün beynəlxalq görüşlərdə, beynəlxalq tribunalarda Azərbaycanın haqq işini birmənalı olaraq dəstəkləmişdir. Son olaraq Azərbaycanın Qoşulmama hərəkatına rəhbərliyinin uzadılmasına dəstək verən ölkələrdən biri də məhz Qırğızıstan olmuşdur. Bu səfər çərçivəsində də əməkdaşlığı daha da genişləndirmək qarşıya məqsəd qoyulmuşdur. Ölkə başçısı İlham Əliyev bəyanatında qeyd etmişdir: "On sənəd imzalanıb, mən onların arasından ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim." Qırğızıstan respublikasının prezidenti Sadır Japarov da bəyanatında dost və qardaş ölkə olan Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini vurğuladı. O qeyd etdi ki, hər iki ölkədə geniş ivestitsiya imkanları mövcuddur. Azərbaycanın enerji sektorunda əldə etdiyi təcrübədən bəhrələnə bilərik. Eyni zamanda beynəlxalq yükdaşımalarda Azərbaycan daha əlverişli mövqeyə malikdir ki, bundan da yararlanmaq niyyətindəyik. Mətbuat qarşısında o da vurğulandı ki, Azərbaycanın qədim şəhəri olan Şuşa gələn il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk dünyasının paytaxtı elan edilmişdir. Bu təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən biri də məhz qardaş Qırğızıstandır. Ümumilikdə iki qardaş ölkə başçılarının son görüşü mühüm tarixi əhəmiyyəti malik bir görüş olmuşdur və bu görüş iki ölkə arasındakı münasibətlərə öz müsbət töhfələrini verəcəkdir. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi